Qafan hava limanının açılacağı anonsunu verən Ermənistan yeni təxribatlar üçün zəminlər hazırlayır – Politoloq

Dostuna göndər xəbərdən agah olsun:

Bakı, 19 avqust, AZƏRTAC

Bir müddət əvvəl Naxçıvanla sərhədin bir neçə yüz metrliyində Arazdəyəndə Ermənistan təmtaraqla, eyni zamanda, ABŞ bayrağını qaldırmaqla metallurgiya zavodu tikəcəklərini elan etmişdilər. Azərbaycan tərəfi rəsmi şəkildə bu müəssisənin fəaliyyətinə imkan verməyəcəyini bildirdi və müvafiq addımlar atıldı. Cavab olaraq ermənilər bütün dünyaya burada da “türklərin genosid” etdiyini haray etməyə başladılar. Ancaq onlara sonra çətinliklə də olsa izah edildi ki, 1991-ci il Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyası (Espo Konvensiyası) adlı beynəlxalq hüquqi sənəd var. Espo Konvensiyaya görə sərhədyanı bölgədə ekologiyaya zərər gətirəcək obyekt tikərkən qonşu ölkənin də razılığının alınması zəruridir. Bundan sonra səssizcə həmin metallurgiya obyektinin başqa yerə köçürüləcəyi ilə bağlı qərar verildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov söyləyib.

Politoloq qeyd edib ki, indi də Ermənistan bənzər şəkildə Azərbaycanla həmsərhəd Qafan şəhərində müntəzəm relslərin açılacağı anonsunu verdi: “Əvvəla sülh müqaviləsi imzalamadığı bir ölkə ilə sərhəddə və hələ də silahlı toqquşmaların olduğu bölgədə hava limanının bu cür tələskənliklə açılması təkcə absurd məsələ deyil. Bununla Ermənistan gələcək təxribatlar üçün yeni zəminlər hazırladığını göstərir. Bu hava limanından gələcəkdə Ermənistanın havadarlarının hərbi məqsədlərlə istifadə etmək niyyətinin olduğunu istisna etmək olmaz. Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanının yerini Ermənistanla sərhəddən uzaqda olan məkanı seçdi.

Beynəlxalq təcrübəyə əsasən iki dövlətin sərhədində yerləşən hava limanları unikal coğrafi mövqelərinə görə fərqli tənzimləmə tələblərinə tabedir. Azərbaycan- Ermənistan sərhədində hava limanı tikilərkən və fəaliyyət göstərərkən mütləq şəkildə qonşu ölkə ilə koordinasiya və razılaşmalar nəzərdən keçirilməlidir. Eyni zamanda, beynəlxalq aviasiya nizamlamalarına və qaydalarına əməl edilməlidir. Dünya təcrübəsində iki və daha çox ölkənin sərhədinin yaxınlığında hava limanlarının olması təcrübəsi var. Bu ölkələr həmin hava limanlarını qarşılıqlı məsləhətləşmə, koordinasiya, planlaşdırma və əməkdaşlıq şəraitində birlikdə həyata keçirirlər.

Bir sözlə, iki dövlətin sərhədində yerləşən hava limanları diqqətli planlaşdırma, koordinasiya və əlaqəli tərəflər arasında əməkdaşlıq tələb edir. İkitərəfli müqavilələr, beynəlxalq qaydalar, milli qanunlar və effektiv kommunikasiya bu unikal hava limanlarının rahat və təhlükəsiz istismarını təmin edən əsas elementlərdir”.

O əlavə edib ki, Ermənistan Qafan hava limanının fəaliyyətə başlayacağını elan edərkən bununla bağlı Azərbaycanı məlumatlandırmayıb. Ona görə də Ermənistan öz əməlləri ilə Azərbaycana bu hava limanının fəaliyyətinə imkan verməməklə bağlı kifayət qədər hüquqi əsaslar verir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)