İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib
Dostuna göndər xəbərdən agah olsun:

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib.

 

Bu barədə Mil – Muğan Regional Təhsil İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı araşdırma aparılıb.

 

Məlumata görə, ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin sentyabrın 16-da məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

 

“Müəllim qeyd olunanlarla kifayətlənməmiş, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub. Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq sentyabrın 17-də xitam verilib, – İdarənin məlumatında bildirilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45