Bakıda boks üzrə Çempionlar Gecəsi təşkil olunacaq
Sentyabrın 28-də Bakıda boks üzrə İBA (Beynəlxalq Boks Assosiasiyası) Çempionlar Gecəsi təşkil olunacaq.
Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən verilən məlumata görə, ABF-nin 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq.
Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kq-da Avropa çempionu Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək.
Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.
İBA Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kq) da rinqə çıxacaq. Millinin sabiq üzvünün rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.
Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 18:00-da start götürəcək.
(055) 436-46-45