Ali Məhkəmə hüquqşünasları Elmi-məsləhət şurasının müzakirələrində iştiraka dəvət edir
Azərbaycan Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 25 oktyabr tarixində keçirilməsi planlaşdırılır.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş “Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)” cinayətinin cinayət-hüquqi xarakteristikası mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub;
– Cinayət tərkibinin obyektiv və subyektiv əlamətləri;
– Cinayət əməlinin oxşar cinayət tərkibləri ilə, xüsusilə rüşvət alma, rüşvət vermə və dələduzluq cinayətləri ilə müqayisəli təhlili;
– Cinayət əməlinin hüquqi tənzimləmə mexanizminin inkişaf etdirilməsi yolları.
Mövzunun hazırlanması və müzakirəsi zamanı məsələyə aidiyyəti olan Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq müqavilələrin, sahəvi qanunvericiliyin müddəaları, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Plenumunun müvafiq qərarları, oxşar cinayət-hüquqi normaları olan ölkələrin qanunvericiliyi və məhkəmə təcrübəsinin vahidliyini təmin edən mənbələri nəzərdən keçirilməli, eləcə də Ali Məhkəmənin, respublikanın digər məhkəmələrinin təcrübəsində olmuş konkret işlərdən, hüquq elminin nailiyyətlərindən istifadə olunmalıdır.
Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlər ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.
Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 14 oktyabr 2024-cü il tarixinədək advisoryboard@supremecourt.gov.az elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Eyni zamanda mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə olunur.
Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.
(055) 436-46-45