Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydası müəyyən edilib

Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydası müəyyən edilib
Dostuna göndər xəbərdən agah olsun:

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə Qaydası”nı təsdiqləyib.

 

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni qərar imzalayıb.

 

Qərara əsasən, həvəsləndirmə tədbirləri aşağıdakı vəzifəli şəxslərə tətbiq oluna bilər:

 

– təşəkkür elan edilməsi və ya fərdi qaydada mükafatlandırma – son 6 ay ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;

 

– Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinin fəxri fərmanı ilə təltif edilmə – son 5 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;

 

– növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi – Əsasnamənin 23-cü maddəsinin tələbləri nəzərə alınmaqla son 1 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;

 

– növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi – son 3 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;

 

– tətbiq edilmiş intizam tənbehinin vaxtından əvvəl ləğv edilməsi – son 3 ay ərzində qüsursuz xidməti olan və fəaliyyətində dönüş yaratmış vəzifəli şəxslərə;

 

– “Fəxri vergi orqanı işçisi” adının verilməsi və ya döş nişanı ilə təltif edilmə – son 10 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə.

 

Həmçinin vəzifəli şəxslərə təşəkkür elan edilməsi ilə bağlı sənəd və ya fəxri fərman əmrin verilməsindən 20 iş günü müddətində, eləcə də “Fəxri vergi orqanı işçisi” adının verilməsi və döş nişanı təltif edilməsi isə əmrin verilməsindən 3 aydan gec olmayaraq Dövlət Vergi Xidmətinin rəisi və ya onun müavini tərəfindən təqdim ediləcək.

 

Bundan başqa, Dövlət Vergi Xidmətinin rəisi və onun müavinlərinə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi İqtisadiyyat Nazirliyinin, digər vəzifəli şəxslərə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi isə Dövlət Vergi Xidmətinin əmri ilə rəsmiləşdiriləcək.

 

“Fəxri vergi orqanı işçisi” adının verilməsi və döş nişanı ilə təltif edilmə növündə həvəsləndirmə tədbirləri tətbiq edildiyi vəzifəli şəxslərin xidmətdə olmanın yaş həddinə çatdığına görə xidmətdə olma müddətinin uzadılması, həmçinin ştatların ixtisarı zamanı nəzərə alınacaq.

 

Qeyd edək ki, həvəsləndirmə növü qərəzsiz və ədalətli yanaşma tətbiq edilərək müəyyən ediləcək.

 

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45