Hazırda peşə təhsili müəssisələrində 1200-dən çox usta və müəllim vakansiyası var
Hazırda Azərbaycanın peşə təhsili müəssisələrində 1200-dən çox istehsalat təlimi ustaları və fənn müəllimləri vakansiyası var.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.
O qeyd edib ki, iyulun 22-si başlayan işə qəbul müsabiqəsi çərçivəsində uğur qazanan şəxslər Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrində çalışacaqlar:
“Ümumilikdə, 551 ixtisas fənn müəllimi, 574 istehsalat təlimi ustası, 82 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır. Qeyd edim ki, bu ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə də işə qəbul prosesi mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılır”.
Direktor əlavə edib ki, peşə təhsili müəssisələrində çalışan 135 mühəndis-pedaqoji heyət üzvü yeni qaydalara uyğun gəlmir. Buna görə də həmin şəxslərlə əmək müqaviləsi uzadılmayacaq:
“Hazırda ümumilikdə 2598 nəfər peşə təhsili müəssisələrində çalışır. Onlardan 116 nəfər staj tələbi, 19 nəfər isə təhsil tələbi ilə əlaqədar yeni qaydalara uyğun hesab edilməyiblər”.
(055) 436-46-45