Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə mərkəzi prospektlərin birində qeydə alınıb.
“Ford” və digər minik avtomobilinin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü İ.Musayev, 1955-ci il təvəllüdlü Ş.Mustafayeva və daha bir nəfər xəsarət alıb.
Zərərçəkən 3 nəfərdən Ş.Mustafayevanın vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkənlər təcili tibbi yardım briqadası və yaxınlıqdakı vətəndaşların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.