Bakıda qardaş, qardaşı qətlə yetirib: “Qardaşım hamımızın başına oyun açırdı”
Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib.
O bildirib ki, təqsirləndirilən şəxs qaynıdır.
Reyhan Fətəliyeva bildirib ki, hadisədən əvvəl Bayram Fətəliyev onun oğlunu çağırıb:
“Həmin vaxt mən yatmışdım, səsə ayıldım. Ona dedim ki, oğlum evdə yoxdur. Sonra baldızımgilə getdim. Geri qayıdanda qətlin baş verdiyini gördüm. Mərhum Vasif hadisə vaxtı içkili olub. O, həmişə içki içir, sərxoş olur, dava salırdı. Əvvəllər mənim yoldaşımla dava edirdi. Yoldaşım rəhmətə gedəndən sonra isə Bayramla dava-dalaş etməyə başladı”.
Daha sonra ifadə verən Gülər Əhmədova bildirib ki, həm təqsirləndirilən şəxs, həm də mərhum onun qardaşıdır:
“Ailəmiz həmişə sakit ailə olub. Heyif atamdan, heyif anamdan ki, belə övladları var. Vasifin içkiyə meyilli olması hadisələrin bu yerə çatması ilə nəticələndi. Mərhum qardaşım davakar idi. Günahkar odur. Bayramın heç bir günahı yoxdur. Mərhum qardaşım hamımızın başına oyun açır, hamımızla dava edirdi. Yaxşı insan deyildi. Hər dəfə bizə gələndə dava salırdı. Buna görə yoldaşım onun bizə gəlməyini istəmirdi. O, ailəmizdə qara yara kimi idi. Olan Bayrama oldu. Ona cəza verməyin”.
Növbəti proses mayın 8-də davam edəcək.
İttihama görə, ötən il dekabrın 7-də, gecə saat 1 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1965-ci il təvəllüdlü Vasif Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 1977-ci il təvəllüdlü Bayram Fətəliyevin Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Vasif Fətəliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bayram Fətəliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
(055) 436-46-45