Gürcüstanın Baş naziri İrakli Kobaxidze Şəhidlər xiyabanını ziyarət edib – YENİLƏNİB + FOTO
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Baş nazir İrakli Kobaxidze Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
11:57
Gürcüstan Baş naziri İrakli Kobaxidze martın 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
11:28
Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın baş nazirini Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər qarşılayıblar.
(055) 436-46-45