Yeni siyasi və iqtisadi güc mərkəzi – “KASPİ”nin TƏHLİLİ + FOTO

Dostuna göndər xəbərdən agah olsun:

2023-cü ildə Azərbaycanla TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri təxminən doqquz milyard ABŞ dolları təşkil edib. Türkdilli ölkələr arasında əsas ticarətimiz Türkiyə ilə olub.

Bu mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycanın türkdilli ölkələrlə qarşılıqlı münasibətlərində yeni dönəm başlayıb. Bundan sonra ölkəmizin xarici siyasət kursunun əsas istiqamətini təşkil edəcək Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın genişləndirilməsi, əlaqələrin daha da dərinləşdiriləcəyinin anonsunu Prezident İlham Əliyev bir müddət əvvəl andiçmə mərasimində verib.

Şuşada Zirvə görüşü

“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, – deyə Prezident İlham Əliyev bildirib.

Artıq bu istiqamətdə konkret addımlar da atılmaqdadır. Azərbaycan TDT-nin iyulda keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Özü də bu görüş Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunacaq.

Doqquz milyard dollarlıq ticarət dövriyyəsi

Türkdilli ölkələr arasında siyasi, mədəni və digər istiqamətlərdə əlaqələri daha da gücləndirən başlıca amil təbii ki, iqtisadi münasibətlərin dərinləşdirilməsidir. İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda çıxışı zamanı bildirib ki, 2023-cü ildə Azərbaycanla TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri təxminən 9 milyard ABŞ dolları təşkil edib. “Türkdilli ölkələr arasında əsas ticarətimiz Türkiyə ilə olub”, – deyə o qeyd edib.

 

Ümumi qiymətləndirmələrə görə, ticarətin asanlaşdırılması üzrə Strategiya sənədi TDT çərçivəsində ticarət əlaqələrinin inkişafına və biznes mühitinə müsbət təsir göstərəcək. Sənədin icrası ilə bağlı tədbirlər planının hazırlanması məqsədilə bir sıra istiqamətlər müəyyən edilib. Bunlar regional ticarət sazişlərinin təşviqi, ticarətin asanlaşdırılması fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi, ticarət əməliyyatlarının rəqəmsallaşdırılmasıdır. “TDT çərçivəsində fəaliyyət, cari mühit və gələcək çağırışlar ölkə üçün olduqca əhəmiyyətlidir”, – deyə nazir müavini bildirib.

TDT həm də yeni güc birliyidir

Ölkəmizin coğrafi mövqeyi, tranzit imkanları, nəqliyyat dəhlizlərinin kəsişməsi qovşağında yerləşməsi Mərkəzi Asiyadakı türk dövlətləri üçün də geniş imkanlar açır. Artıq Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi istiqamətində TDT üzvü olan və olmayan türkdilli dövlətlər arasında ən ali səviyyədə çoxsaylı razılaşmalar və qarşılıqlı səfərlər həyata keçirilir. Beynəlxalq səviyyədə artan təhdidlər və çağırışlar fonunda regional təşkilatların əhəmiyyətinin artdığının şahidiyik. Bu çağırışlara qarşı dayanıqlı olmaq regional əməkdaşlıq imkanlarının dərinləşdirilməsindən keçir. TDT çərçivəsində üzv ölkələrin sahib olduqları resurslar, həmçinin dil, din, soykökü yaxınlığı bu potensialın imkanlarını tam olaraq üzə çıxartmağa, ümumi maraqların təmininə istiqamətlənməsinə şərait yaradır.

TDT həm də yeni güc birliyidir. Bu birliyin formalaşdırılmasında Türkiyə ilə Azərbaycan müstəsna rola malikdir. Təşkilatın bir güc mərkəzinə çevrilməsinin vacibliyi hər iki dövlət rəhbərinin çıxışlarında dəfələrlə səsləndirilib. Dünyaya qardaşlığın nümunəsini göstərən Türkiyə ilə Azərbaycan arasında münasibətlərin  yüksək səviyyəsi, müttəfiq, strateji tərəfdaş statusu digər türkdilli dövlətlərin də diqqətini cəlb edir.

Türkmənistan da tamhüquqlu üzv olmaq istəyir

Artıq təşkilatda müşahidəçi statusunda olan dövlətlər də tam hüquqlu üzv olmaq istiqamətində addım atmaq niyyətlərini ifadə edirlər. “Türkmənistan bu il TDT-nin tamhüquqlu üzvü ola bilər”, – bu barədə Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində bildirib. Onun sözlərinə görə, bu qərar ola bilsin ki, Aşqabadda Maxtumkuli Fraqinin 300 illik yubileyinə həsr olunmuş dövlət başçılarının Zirvə görüşündə açıqlansın.

Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış anlaşma ilə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası TDT adı ilə fəaliyyətini davam etdirir. Təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Müşahidəçi statusunda dövlətlər isə Türkmənistan, Macarıstan və Şimali Kiprdir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45